MƏDƏNİ MƏNƏVİ İNTİBAH
Qaraqan

Qaraqan

QQ eləcə də Qaraqan ləqəbi ilə tanınır. Bir çox maarifləndirici musiqi və kitabların müəllifidir. Hal-hazırda ABŞ-da yaşayır, sahibkar və investordur. Heç bir sosial şəbəkədən istifadə etmir, aşağıdakı rəsmi səhifələrdə onun fikirlərini izləyə bilərsiniz.

“TARİXİ FÜRSƏT”, ADİ VƏ ALİ AZƏRBAYCAN NƏDİR?

Bu Yazını Dinlə

30 illik ideoloji yükdən sonra Azərbaycan öz müstəqilliyi dövründə ilk dəfədir ki, yeni səhifədən başlaya biləcək. Artıq heç bir asıllılığı və keçmişdən miras qalan fəlsəfi, mental, mənəvi borcu yoxdur. Belə dövrlər ümid verici olduğu kimi həm də təhlükəlidir. Məqsəd və məna boşluğuna düşən kütlə yiyəsiz uşaq kimidir. Belə ki, ideoloji boşluq bir çox hallarda azğınlıq, cahillik, deqradasiya və cinayətkarlıqla nəticələnə bilər. Ən yaxşı halda isə ruhsal eniş və mental durğunluğa səbəb ola bilər. İdeoloji boşluq xarici qüvvələr üçün münbit şərait də yarada bilir, çünki boş yeri doldurmaq adətən daha asan olur. 

Mədəni Mənəvi İntibah Azərbaycanın inkişafı və özünə dönüşü üçün həyati vacib məsələdir. Dövlətin bu yolda fəaliyyət planı olsa da bir qayda olaraq belə tarixi hadisələr heç vaxt mərkəzləşdirilmiş olmur və yalnız ən aşağılardan, xalqın özündən, kökündən, genetik yaddaşından qaynaqlanır. Əks təqdirdə süni və təməlsiz bu proses kökü olmadığı üçün budaqlanmaz.

Mədənİ Mənəvİ İntİbah nƏdİr?

Mədəni Mənəvi İntibah özündə iki məvhumu birləşdirir – mədəniyyət və mənəviyyat. Bir birinə bənzər olsa da bu amillər fərqlənir və biri olmadan digəri həqiqi mütləq intibahı gətirə bilməz. Mədəniyyət və Mənəviyyat sanki iki dirəkdir. Məhz bu dirəklər üzərində bir xalq, bir ölkə olaraq fövqəl nəticələrə çata bilərik. 

İnqİlab yox – İntİbah

İntibah və İnqilab son məqsəd etibarilə bənzər olsalar da aralarında böyük fərq var. Belə ki inqilab əvvəlkini sökmək və yerinə yeni bir şey tikməyi nəzərdə tutur. İnqilab bütün keçmişi problem kimi göstərir, problemlə savaşır amma çox vaxt əvəzində bir çıxış yolu, konstruktiv təklif irəli sürmür. Dünya tarixində minlərlə inqilab olub, onların bir hissəsi xoşbəxt sonluqla bitsə də böyük hissəsi dövlətlərin, imperiyaların dağılmasına, xalqların məhvinə, bəzən kütləvi soyqırıma və vətəndaş müharibəsinə səbəb olub. İnqilablar həm daxildən, həm də xaricdən maliyyələşə, ruhlandırıla bilər və öz məqsədini güdən böyük yad qüvvələrə xidmət edə bilər. İnqilab kəsib tullamaqdır, inqilab özünü tərk etməkdir, inqilab satılmaqdır. İnqilab nifrət və qorxudan doğur! İntibah isə sevgi və inamdan. 

İnqilabdan fərqli olaraq intibah yaralı yerləri kəsib atmır, onları daxili güc ilə müalicə edir, sağaldır. İntibah boşanma deyil, evdən qaçma deyil, evi yandırmaq deyil – ailənin bir araya gəlməsidir. İntibah təbitətin çiçəklənməsi kimidir. Xalqın içindən doğar və xalqa xeyir gətirər.

İntibah qılınc və qan deyil, zəka və ruh vasitəsilə baş verir.

İntibah hər zaman bir dirçəliş, bir inkişaf deməkdir. İntibah hegemonluğa can atmır, intibah özünə sahib olmağa, özünü qəbul edib, özündən yetişməyə, kökündən budaqlanmağa çağırır. 

İnqilab keçmişinə, özünə, tarixinə və dahilərinə nifrət edir. İntibah isə keçmişin üzərindən xətt çəkmir, əksinə, keçmişə boylanır və unudulmuş, toz altında qalmış dəyərləri çıxarıb işıqlandırır. İntibah müasirliyin ən gözəl cəhətləri ilə ənənələrin və milli mənəvi dəyərlərin simbiozundan, yəni uzlaşmasından yaranır. 

İnqilablar çox zaman hakimiyyət uğrunda vuruşan qüvvələrin xeyrinə və ya ziyanına olur. Xalqın sadə üzvləri isə sürətli dəyişikliklərlə üzləşirlər, bu da qeyri-sabitlik, faciə, əzab və xaos gətirir. İntibah isə içdən doğan günəş kimi, bütöv cəmiyyətin ruhunu həyəcanlandırır, amma həm də xalqın hər bir fərdinə də xeyirli və faydalı olur.

Mədənİ Mənəvİ İntİbah Bİzdən Başlayır

Azərbaycan hazırda çox unikal tarixi bir zaman kəsiyindədir. Azərbaycan müstəqildir, geosiyasi addımlarında azaddır və ən əsası hegemon ideoloji basqı altında deyil. Xalq heç bir xarici təsirə düşməyib, heç bir xurafata və neo-xurafata uymayıb. Bu isə dövlət üçün də, xalqın hər bir üzvü üçün də yaşıl işıq deməkdir. 

Bu zaman kəsiyi 5 il, 10 il ola bilər. Bu tarixi zamana “tarixi fürsət” deyək. Əgər dövlət və xalq əlbir olub bu zamandan düzgün istifadə edə bilsə Azərbaycan böyük bir mədəni mənəvi sıçrayış etmiş olacaq. Belə sıçrayış təkcə ruhsal deyil həm də iqtisadi, siyasi və elmi inkişafa səbəb olacaq.  

Biz azərbaycanlılar fərasətli olsaq, bu andan istifadə edə bilsək bütün gələcək nəsillərin duasını qazanacaq və azadlığımızı qoruyub saxlayan, qanları bahasına bizə ötürən bütün keçmiş nəsillər qarşısında tarixi borcumuzu vermiş olacağıq. 

Bu andan istifadə edə bilməsək bu qapı uzun əsrlər qapana bilər, bəlkə heç vaxt açılmaz da. Tarixə boylanıb baxsanız görə bilərsiniz ki, min illik tariximiz boyu bu cür “tarixi fürsət” dəhlizlərimiz olub. Bəzilərindən doğru istifadə edə bilmişik, bəziləri isə bizdən yan keçib. İndi də bənzər zamanda yaşayırıq. Qısa bir “tarixi fürsət” dəhlizimiz var. 

Bir xalq olaraq seçim özümüzdədir.

Mənəviyyatımızı zənginləşdiririk – ya da şəhvətimizə və xislətimizə qul oluruq. 

Mədəni inkişaf edirik – ya da bayağılaşır, gündəmə və məşiətə bağlanırıq. 

Özümüzə çevrilirik – ya da başqa mədəniyyətlərin cildinə girməyə çalışırıq. 

Fərdləşir və Eqoistləşirik – ya da şəxsiyyətləşir və cəmiyyətləşirik. 

Dövlətləri güclü edən əsas amil nə təbii resurslardır, nə iqtisadiyyatı, nə də texniki inkişafıdır – xeyr! Bütün bunlar yan təsirlərdir, nəticələrdir. 

Bütün güclü dövlətlərin inkişafının bir səbəbi var — Düşüncə İntibahı.

İslamın gəlişindən yüzcə il sonra səhralıqda yaşayan ərəb qəbilələri birləşir, güclü Xilafətə çevrilir və Çinə kimi gedib çıxırlar.

Resurslarımı artmışdı – xeyr.

Qonşularından seçilməyən qədim Yunanıstan birdən-birə dünyaya fəlsəfə dahiləri verir, dövlətçilik düşüncəsinin təməlini qoyur. 

Ordusumu etmişdi bunu – xeyr.

Renessans dövrü Avropada mədəniyyət, elm, incəsənət və digər sahələrdə qeyri-adi sıçrayışa səbəb olur.  

İqtisadi inkişafmı səbəb olmuşdu – xeyr.

“Güc, iqtisadiyyat və diplomatiya İntibahın ikinci dərəcəli səbəbləridir, hətta nəticələridir.”

İntibahın bünövrəsi, əsas səbəbi insanların eyni ruh və eyni həvəslə ortaq mütləq mənaya can atmasıdır. İnsanlar həyəcanlı və həvəsli olur. Hər fərdin şəxsi məşiət hədəfləri ilə yanaşı, həm də böyük bəşəri hədəfləri olur. 

Xalq doğru yöndə ilhamlanır və qarşısına  böyük məqsədlər qoyur. Məqsəd nə qədər böyük olursa xalq da bir o qədər yetişir, yetkinləşir.

Adİ və Alİ Azərbaycan

İndi Azərbaycan yol ayırıcındadır. İki yoldan birini seçə bilər. Adi Azərbaycan və ya Mədəni Mənəvi İntibahı yaşamış Ali Azərbaycan. 

Adi Azərbaycan

Bu Azərbaycan təxmini təsəvvür etdiyimiz Azərbaycandı. Bir az da varlanacaq, iqtisadi gücü çoxalacaq, insanların rifahı artacaq, sosial məsələlər həll olunacaq. Əşyaların –  interneti və süni zəkanın yardımı ilə bir çox sahələrdə gözlənilən inkişaf gedəcək. 

Yeni ticarət müqavilələri bağlanacaq, şəhərlər salınacaq, təhsil mərkəzləri açılacaq. Gənclər daha rəngarəng olacaq, şadlıq sarayları daha işıqlı olacaq, şou proqramlar və filmlər daha həyəcanlı olacaq. Azərbaycanlılar daha çox xarici ölkələri gəzəcək və daha zövqlü paltarlar geyinəcək. Nəqliyyat vasitələri daha rahat olacaq. Bakı Dubay kimi gözəl və zəngin olacaq. Amma Dubayda olduğu kimi bu Bakıda da nə isə çatışmayacaq. Nə isə yarımçıq, nə isə boş və təməlsiz görünəcək. İnsanlar məna aclığında küçədən küçəyə, dükandan dükana, eyni yerləri dolanacaq. Mənəvi tənhalıq, ruhsal boşluq yaşanacaq.

Ali Azərbaycan

Dünyanın başı özünə qarışdığı bir zamanda Azərbaycanda qeyri-mərkəzləşdirimiş unikal bir tarixi hadisə cücərəcək. Hər bir azərbaycanlının daxilində mədəni mənəvi intibah yetişməyə başlayacaq. Hər bir azərbaycanlı bayağı dəyərlərdən, pis vərdişlərdən azad olduqca mütləq dəyərlərə, tarixi mənaya xərcləyəcək daha çox vaxtı və mental resursu yaranacaq. İntibah bayrama bənzəyəcək! 

Adi sıradan bir günü Novruz bayramından fərqləndirən nədir ki, sadəcə xalqın kütləvi məmnunluğu. Bizə heç kəs həmin gün pulsuz un paylamır, amma bütün evlərdə şirniyyat bişir. Maaşımız artmır, amma atılan özgə papaqlara mütləq pay qoyuruq. Heç kəs bizə ev vermir. Amma bir-birimizin evinə qonaq gedirik. Elə köhnə evimizdə, darısqal masalarda bütün qonaqlarımıza yer tapılır. Bu bayramı bizə nə Avropa verir, nə neft yataqlarından çıxır, nə iş yerimizdə məcbur edirlər – bu bayramı biz özümüz özümüzə edirik. Intibah da belədir.  

Ali Azərbaycanda – İntibah bitməz bir bayram kimi hər gün xalqın hər bir üzvünün ruhunda qaynayacaq. Mədəni Mənəvi İntibah insanlarımızı daha gözəl, daha savadlı, daha maraqlı, daha dərin edəcək. Aldıqlarımız yox, anladıqlarımız ilə öyünəcəyik.  Bir-birimiz ilə yox, dünya ilə yarışacağıq. Sülh və əmin-amanlıqla yaşayaraq həm də elmin, mənəviyyatın və mədəniyyətin mərkəzi olacağıq. Seçilmək üçün yox – nümunə olmaq üçün. Digər xalqları əzmək üçün yox, onlara da xeyir vermək, xidmət etmək üçün. 

Məcburi yox, içdən doğan həvəsdən yaranacaq bu intibah.  Azərbaycanda dövlətçiliyin və xalqın, ənənələrin və proqresin, cəmiyyətin və şəxsiyyətin simbiozu, həmrəyliyi və inteqrasiyası baş verəcək.

Bərabərlik üçün yox –  birgəlik üçün

Eynilik üçün yox – həmkarlıq üçün

Azərbaycan gənci kimə oxşamaq istədiyini kənarda-bucaqda axtarmayacaq. Suallar içində batmayacaq, əksinə, bütün ruhsal və mədəni suallara cavab tapmış olacaq. Başqasına yox özünə dönəcək! Azərbaycan özünü anladıqdan sonra, bünövrəsinə vardıqdan sonra mərtəbələnəcək.

Azərbaycanın bu inkişafı digər qonşu ölkələrə, mədəniyyətlərə nümunə olacaq və bütöv dünyaya alternativ yol gətirəcək.

Ali Azərbaycanın mərkəzində maddiyyat deyil insan məvhumu duracaq! 

Adi və Ali Azərbaycan – bu yolların hər ikisi gözəldir, müsbətdir. Kaş ki, bunlardan biri olsun! Belə düşünən də olar ki, nəyə gərəkdir böyük inkişaf, elə gül kimi yaşayırıq da.

Amma sizdən ricam budur ki, dünyanın hansı tarixi anda olduğuna diqqət yetirəsiniz. Qarşıdan gələn böyük dəyişikliklərə tab gətirə biləcəyikmi, mədəni mənəvi qalalarımız  dünyanın yeni ideoloji hücumlarına dözə biləcəkmi? Azərbaycan dövləti yeni geosiyasi layihələrin bir parçası olduqda Azərbaycan insanı necə, bu birləşmədə özlüyünü itirəcəkmi? Gözlənilməz geopolitik xaos zamanı bir-birimizi didəcəyik yoxsa bir-birimizə arxa olacağıq?

Bayağılıqda batmış xalqları asanlıqla dövlətə qarşı, içindəki kiçik xalqlara qarşı, özünü özünə qarşı, yaxın qonşusuna qarşı çevirmək olar.

Mənəvi mədəni hazırlığı, siyasi immuniteti olmayan cəmiyyəti iki günün içində azğın və vəhşi kütləyə çevirmək olar. Ətrafda baş verən tektonik sürüşmələri görməyən kütləni qeyri-ənənəvi müharibə üsulları ilə özünə düşmən, bədəninə düşmən, ailəsinə düşmən, ruhuna düşmən etmək olar.

Hazırda yaşadığımız stabillik və mental azadlıq dövrü üçün bizim nəsilin canını, zəkasını və zamanını fəda edən qəhrəmanlar, milli liderlər və ruh adamları, söz sahibləri və yaradıcı insanlar, alimlər və maarifçilər, xeyriyyəçilər və iş adamları – yəni işığı və parlaqlığı ilə seçilən, ölkəmizə və xalqımıza xeyirli olan bir neçə nəsil insanımız qarşısında mənəvi borcumuz var. 

Gəlin bu münbit mühitdən düzgün istifadə etməyi bacaraq. Həm xalqımız üçün, həm  öz fərdi inkişafımız üçün. Bütün bəhanələri kənara ataq, çatışmayan cəhətlərin düzəlməsini gözləməyə ömrümüz getməsin, əlimizdə olanla başlayaq. Nə vaxtsa yox, bu gün başlayaq. İçimizdəki zülmətə yox, işığa cilovlanaq.

Bizim bu günkü öndə gedən ziyalılarımız işıq sönəndə kitabı şam işığında oxuyardı. Qaranlıq onlara manə ola bilmirdi. Bizə də bu cəhalət qaranlığı mane olmasın. Düşünək, intibahın bizdən başlaması üçün nə etməliyik! Özümüzə, Ailəmizə, Xalqımıza, Dövlətimizə və Dünyaya xeyirli bir nəsil olaq. Bu İntibahı istəməyin təkcə özü artıq böyük və cəsarətli addımdır. Əgər siz də bunu istəyirsinizsə deməli intibah sizdən başlayır!

İsrarla, QQ

İntibaha Dəstək Ol - Yazını Paylaş!
yazarlar üçün

 

DİQQƏT: Ölkənin parlaq, ağıllı və seçilən insanlarını, intellektuallarını bir araya toplayırıq. Sıralarımızda məşhur rejissorlar, yazarlar, iş adamları və tələbələr, fəal gənclər və intellektuallar var! – Bizim hamımızı birləşdirən əsas səbəb Azərbaycana Mədəni Mənəvi İntibah gətirmək arzumuzdur!  Əgər sən də cəmiyyətimizi cahillik və bayağılıqdan çıxarmaq istəyirsənsə bizə qoşul!

Əgər özünü ölkənin səviyyəli insanlarından hesab edirsənsə birliyimizin sənə ehtiyyacı var!

İMTİNA: Birliyimiz heç bir daxili, xarici siyasi qüvvə tərəfindən maaliyyələşmir. Heç bir radikal, qeyri-qanuni işlərə çağırmır. Heç bir din, təriqət və ya sektanın parçası deyil. Heç bir maaliyyə sxemləri, saxtakarlıq və ictimai sabitliyi pozacaq işlərə təhrik etmir. Heç bir  şəxsiyyətə pərəstiş qrupu deyil. Məqsədimiz intellektual, alicənab, yaradıcı insanlarımızı, mədəni və maddi uğur qazanmış həmvətənlərimizi ölkəmizə, xalqımıza xidmət etmək üçün bir araya toplamaq və  ümumi Azərbaycan cəmiyyətinin mədəni mənəvi intellektual səviyyəsini qaldırmaqdır.